Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
21 Oktyabr , 2019

Daşkəsən rayon Mərkəzi kitabxananın Uşaq şöbəsi ənənəvi olaraq 20 oktyabr - 20 noyabr Uşaq hüquqları aylığı çərçivəsində 21 oktyabr 2019-cu il tarixdə İ.Nəsimi adına 1 saylı tam orta məktəbin kitabxanasında həmin məktəbin V-VI sinif kollektivi ilə birgə Biz hüquqlarımızı bilməliyik” başlıqlı informasiya saatı keçirdi.

Uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva ilk öncə uşaqları salamlayaraq onlara təhsil və yaradıcılıqda daha yüksək nailiyyətlər arzuladı. Pərvanə xanım çıxışında qeyd etdi ki, uşaq hüquqlarının qorunması Azərbaycanda dövlət siyasətinin əsas prioritet sahələrindən biridir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun xidmətləri nəticəsində Azərbaycanda uşaqların hərtərəfli qayğı ilə əhatə olunması, milli ümumbəşəri dəyərlər ruhunda böyüməsi, yaşaması üçün gözəl şərait yaradılmışdır. Sonra uşaq şöbəsinin multimedia üzrə mütəxəssisi Kəmalə Verdiyeva çıxış edərək, “Uşaq hüquqları aylığı”nın keçirilməsinin əsas məqsədləri, uşaqların ictimai həyatdakı rolu, onların təhsil, istirahət, əmək və s. hüquqlarının qorunması, uşaqlara qarşı törədilən zorakılıq halları ilə mübarizə haqqında qısa məlumat verdi.

Tədbir mövzu ətrafında maraqlı diskussiyalarla davam edib, şagirdlərin sualları ətraflı cavablandırıldı. Məktəbin müəlliməsi tədbiri yekunlaşdıraraq hər bir uşağın öz hüquqlarını bilməyinin vacib olduğunu vurğuladı.