Cavad Hüseynov
Cavad Hüseynov 1898-ci ildə anadan olub. Gəncəbasar ellərində şerləri dillər əzbəri olan şair, əsasən poeziyanın qoşma, gəraylı, dodaqdəyməz, gözəlləmə, müxəmməs, divani, təcnis, cığalı təcniz və s. formalarında yazıb-yaradıb.
Şair Cavad yaradıcılığının əsasən qayəsi təbiət gözəllikləri, Vətən sevgisi, ata-ana müqəddəsliyi, böyüyə hörmət kimi ilahi hisslərindən ibarətdir. Onun 2000-dən çox şeri, 10-a yaxın poeması bu gün el aşıqlarının dilində əzbərdir.
Gəncəbasarda hörmət və ehtiramla yad edilən şair 1969-cu ildə vəfat edib və məzarı rayonun Təzəkənd kəndindədir.
El şairinin şerlər kitabı "Dan yeri" adıyla 1997-ci ildə nəşr edilib.
Bayramov Məhərrəm
Bayramov Məhərrəm 1937-ci ildə Dəstəfur (indiki Daşkəsən) rayonunun Qabaqtəpə kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1967-1970-ci illərdə Nərimanov adına ADTU-nin uşaq xəstəlikləri kafedrasının aspirantı olub.
1971-ci ildə "Uşaqlarda revmatizm xəstəliyi zamanı qalxanvari vəzin funksional vəziyyəti" elmi işini müdafiə edərək tibb elmləri namizədi adını alıb.1974-1978-ci illərdə ADTU-nin pediatriya fakültəsinin dekanı olub. 1978-ci ildə Moskva Pediatriya İnstitutuna doktoranturaya göndərilmişdir. 1980-ci ildə Moskvada "Uşaqlarda ağciyər-bronx və ürək-damar xəstəliklərində qanın kolekrein sistemi" elmi işi ilə tibb elmləri doktoru adına layiq görülüb.
1981-ci ildə ADTU-nin uşaq xəstəlikləri kafedrasının professoru, 1982-ci ildə Azərbaycan SSR Məkəzi Komitəsinin və Nazirlər Sovetinin qərarı ilə Dövlət Mükafatı laureatı adını alıb. 1990-cı ildə pediatriya fakültəsinin dekanı olub. 1991-ci ildə Azərbaycan SSR-in Əməkdar həkimi adına layiq görülmüşdür. 2 dekabr 1997-ci ildə vəfat edib.