Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Elanlar
1 İyun , 2018

Prezident İlham Əliyev mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bununla əlaqədar İyunun 5-də 11:30-da MKS-nin Uşaq kitabxanasında Şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçiriləcək. Tədbirdə şairin həyat və yaradıcılığı ilə bağlı geniş söhbət açılacaq və şeirləri səsləndiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycanın tanınmış şairi Mikayıl Müşviqin anadan olmasından 110 il ötür. O, 1908-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmışdı. Əslən Xızı rayonundandır. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdı. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı dərəcəli məktəbdə oxumuş, Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdı. Bakının orta məktəblərində 7 il müəllimlik etmişdi. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdu (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib.

Mikayıl Müşviq bədii tərcümə ilə də ciddi məşğul olub. 6 il evli olub: 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürüb. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin «Müşfiqli günlərim» adlı xatirələr kitabı nəşr olunub. Kitab çap olunan kimi oxucular arasında böyük maraqla qarşılanmışdı. Kitabın son genişləndirilmiş nəşri isə 2005-ci ildə «Gənclik» nəşriyyatında işıq üzü görüb.

Mikayıl Müşviq 1938-ci il yanvarın 6-da güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, məktəbə, küçəyə və meydana adı verilib. Onun «Yenə o bağ olaydı», «Oxu, tar» və başqa şeirləri populyardır. Öldürülənə kimi Mikayıl Müşviqin 10 kitabı çap olunmuşdu.

Tərcümələri bunlardır: Yeqişe Çarens. Şeirlər. Bakı: Azərnəşr, 1934; Taras Şevçenko. Kobzar. Bakı: Azərnəşr, 1934; A.S.Puşkin. Qaraçılar. Bakı: Azərnəşr, 1930; Marşak. Huşsuza bax, huşsuza; A.S.Puşkin. Qaraçılar. Bakı: Azərnəşr, 1937 və s.