Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Aktual mövzular
6 Yanvar , 2016

Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə  Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında  

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır. Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir. Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin Minilliyin inkişaf məqsədlərinin və Avropa Şurasının 3-cü Zirvə Görüşünün insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyinin təmini sahəsində müəyyən etdiyi prioritetləri nəzərə alaraq, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi ilə qərara alıram: 
1. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilsin. 
2. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına tapşırılsın, Azərbaycan Respublikasının məhkəmələrinə və Baş Prokurorluğuna isə tövsiyə edilsin ki, normativ hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarəti gücləndirsinlər.
3. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin ki, qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərdə əks etdirilmiş insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutsun və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunu təmin etsin. 
4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə və Ali Məhkəməsinə tövsiyə edilsin ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər. 
5. Milli Fəaliyyət Planında göstərilən icra orqanlarına tapşırılsın ki, Milli Fəaliyyət Planının həyata keçirilməsinə yerli qeyri-hökumət təşkilatlarını cəlb etsinlər. 
6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2006-cı il.

 

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD nömrəli Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Konstitusiya Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində: 
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 
1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 
1.4. həmin Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etsin. 
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün. 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 avqust 2011-ci il
№ 1674

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda 
dəyişikliklər edilməsi barədə 
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 115; 2004-cü il, № 9, maddə 665; 2006-cı il, № 3, maddə 207, № 11, maddə 909; 2007-ci il, № 10, maddə 928; 2009-cu il, № 10, maddə 761, № 12, maddə 944; Azərbaycan Respublikasının 2011-ci il 6 may tarixli 102-IVKQD nömrəli Konstitusiya Qanunu) aşağıdakı dəyişikliklər edilsin: 
1. 1.1-ci maddədə “edilməsi” sözündən sonra “və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması” sözləri əlavə edilsin. 
2. 1.2-1.7-ci maddələr müvafiq olaraq 1.5-1.10-cu maddələr hesab edilsin, aşağıdakı məzmunda 1.2-ci, 1.3-cü və 1.4-cü maddələr əlavə edilsin: 
“1.2. Müvəkkil “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir. 
1.3. Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir. 
1.4. Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.”.
3. II fəslin adı aşağıdakı redaksiyada verilsin: 
“İnsan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi”. 
4. 12-ci maddədə: 
4.1. maddənin adı aşağıdakı redaksiyada verilsin: 
“İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi qaydası”; 
4.2. 12.2-ci maddədə “araşdırılması” sözündən sonra “və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi” sözləri əlavə edilsin; 
4.3. 12.2.1-ci maddə aşağıdakı redaksiyada verilsin: 
“12.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə, habelə polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq; səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq;”; 
4.4. 12.2.7-ci maddə aşağıdakı redaksiyada verilsin: 
“12.2.7. dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.”; 
4.5. 12.3-12.5-ci maddələr müvafiq olaraq 12.4-12.6-cı maddələr hesab edilsin, aşağıdakı məzmunda 12.3-cü maddə əlavə edilsin: 
“12.3. Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi yolverilməzdir.”. 
5. Aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin: 
“Maddə 13-1. İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri 
13-1.1. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə şikayətə baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzadır. 
13-1.2. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır: 
13-1.2.1. şikayət konkret informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin fəaliyyəti barəsində olmadıqda; 
13-1.2.2. həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; 
13-1.2.3. ərizəçi informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə. 
13-1.3. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır: 
13-1.3.1. informasiya əldə etmək üçün müraciətin (bundan sonra – informasiya sorğusunun) qeydiyyata alınması; 
13-1.3.2. informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi; 
13-1.3.3. informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması; 
13-1.3.4. ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi; 
13-1.3.5. İnternet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi; 
13-1.3.6. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi. 
13-1.4. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən pozuntuların aradan qaldırılmasını tələb edir. 
13-1.5. Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs Müvəkkilə 10 gün müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri yerinə yetirilmədiyi hallarda Müvəkkil müvafiq yuxarı orqana müraciət edir.”. 
6. Aşağıdakı məzmunda 18-1-ci maddə əlavə edilsin: 
“Maddə 18-1. Milli preventiv qrup 
18-1.1. Bu Konstitusiya Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədi ilə Müvəkkilin aparatında Milli preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxs Milli preventiv qrupun üzvü təyin olunur. Milli preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin olunurlar. 
18-1.2. Milli preventiv qrupun aşağıdakı hüquqları vardır: 
18-1.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri hesab etdiyi halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq; 
18-1.2.2. polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək. 
18-1.3. Milli preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Milli preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır. 
18-1.4. Milli preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Milli preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə yol verilmir.”. 
7. Aşağıdakı məzmunda 20-ci maddə əlavə edilsin: 
“Maddə 20. Müvəkkilin fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət 
Müvəkkilin fəaliyyətinə maneə törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.”.

İlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 24 iyun 2011-ci il
№ 163-IVKQD

www.humanrights.az 
www.ehr-az. 
www.coe.az
www.diplomatiya.azeriblog.com 
www.yeniazerbaycan.com

Ədəbiyyat siyahısı

1. “Avropa insan hüquqları məhkəməsi”-2004 
2. Abdullayev Ə.,Azarov A.,Hüfner K.,Röyfer V. “İnsan hüquqları”
3. Əmir Əliyev. “İnsan hüquqlarının beynəlxalq hüquqi müdafiəsi”
4. “İnsanların əsas hüquq və azadlıqlarının müdafiəsi”
5. “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu”
6. “İnsan hüquqları suallar və cavablar”
7. “İnsan hüquqlarının tədrisi”-müəllimlər üçün metodik vəsait.
8. “Hüquqlarımı öyrənirəm”.
9. “Milli azlıqların hüquqları haqqında beynəlxalq aktlar toplusu”