HİV/QİÇS
HİV/AİDS – epidemiyası geniş miqyas alaraq planetdə yayılmaqda davam edir. Dünya üzrə yalnız 2006-cı il ərzində 4,3 milyon şəxs İnsanın İmmunçatışmazlıq Virusuna yoluxmuşdur, onlardan 530 000–i uşaqlardır.
UNAİDS-nin məlumatlarına əsasən hal – hazırda planetimizdə HİV – infeksiyası ilə yaşayan insanların sayı 40 milyonu ötmüşdür ki, onlardan da 2,3 milyonu uşaqlardır.
ÜST-ün ekspertlərinin rəyinə əsasən yer kürəsində yayılmağa başladığı 25 il ərzində AİDS-dən 25 milyon insan vəfat etmişdir. Yalnız 2006-cı il ərzində AİDS -dən dünyasını dəyişmiş insanların sayı 2,9 milyon olmuşdur ki, onlardan da 380 000 uşaqlardır.
Son illər ərzində Azərbaycanda HİV-ə yoluxmuş insanların sayının artması müşahidə olunur. 2006-cı ilin noyabrın 27-ə olan məlumata görə Azərbaycanda belə şəxslərin ümumi sayı 1007 nəfər təşkil edir. Onların 54 nəfəri əcnəbilər, 953 (805 kişi və 148 qadın) nəfəri isə Azərbaycan vətəndaşlarıdır.
AİDS - dən dünyasını dəyişmiş vətəndaşların ümumi sayı 111 nəfər, HİV-ə yoluxaraq artıq AİDS mərhələsinə keçənlərin sayı isə 200 nəfər təşkil edir.
HİV-ə yoluxma 203 nəfərdə (21,3%) heteroseksual, 7 nəfərdə (0,7%) homoseksual cinsi əlaqə nəticəsində baş vermişdir, 8 nəfər (0,8%) HİV-ə yoluxmuş analardan dünyaya gəlmiş uşaqlardır, 194 nəfərdə (20,4%) yoluxma yollarını müəyyən etmək mümkün olmamışdır. Onu da qeyd etmək lazımdır ki, HİV-ə yoluxmuş şəxslərin xeyli hissəsini xarici ölkələrə, xüsusilə MDB ölkələri arasında HİV-ə yoluxma sayına görə liderlik edən Rusiya Federasiyasına qazanc dalınca üz tutan miqrantlar təşkil edir.
HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 312 nəfəri (32,7%) – Bakı şəhərinin, 630 nəfəri (66,1%) isə digər rayonların sakinləridir.
Ölkəmizdə aşkar olunmuş HİV-ə yoluxmuş şəxslərin yaş kateqoriyaları aşağıdakı kimidir: 430 nəfər (45,1%) – 30-39 yaşında, 223 nəfər (23,4%) – 25-59 yaşında, 156 nəfər (16,4%) – 40-49 yaşında, 91 nəfər (9,6%) – 20-24 yaşında, 25 nəfər (2,6%) – 15-19 yaşındadır, 8 nəfər (0,8%) yoluxmuş şəxs isə – 14 yaşına qədər uşaqlardır. Beləliklə, Azərbaycan ərazisində HİV-ə yoluxmuş şəxslərin ümumi sayının 80,7%-ni 15-39 yaşlarında olan şəxslər təşkil edir.
HİV-ə yoluxmuş 512 şəxsdə (53,7%) C hepatiti, 63 şəxsdə isə (6,6%) vərəm aşkar edilmişdir.