Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
20 Fevral , 2023

20.02.2023-cü il tarixində Daşkəsən rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində Xocalı faciəsinin 31-ci ildönümünə həsr edilmiş  “XX əsrin faciəsi - Xocalı soyqırımı" mövzusunda tədbir keçirilmişdir. Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib. Tədbirdə giriş nitqi ilə çıxış edən Uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva otuz bir il əvvəl Xocalıda törədilən bəşər tarixinin ən dəhşətli hadisələrindən və soyqırım cinayətlərindən danışıb. Müdafiəsiz, dinc və əliyalın insanları, o cümlədən qocaları, uşaqları və qadınları xüsusi amansızlıqla qətlə yetirən erməni cəlladlarının vəhşi və terrorçu xislətindən bəhs edən P.Məmiyeva 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfərin mənfur düşmənlərimizə ən kəsərli cavab olduğunu deyib.

Daha sonra şəhid anası Qızbəs Abbasova qeyd edib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətdir. Xocalıda baş verənlər unudulmamalı, həqiqətlər gələcək nəsillərə çatdırılmalıdır”. Biz öz inamımızı itirməməliyik, məsləkimizdən, tutduğumuz yoldan çəkinməməliyik. Tutduğumuz bu yol Azərbaycanın müstəqilliyidir, milli azadlığıdır, müstəqil Azərbaycanın müstəqil dövlət kimi əbədi olmasıdır.

Sonda Mərkəzi kitabxananın əməkdaşları Xocalı faciəsinin bütün dünyada tanıdılmasının vacibliyindən və bu cür tədbirlərin önəmindən bəhs ediblər. Onlar qeyd ediblər ki, xalqımız bu faciəni heç vaxt unutmayacaq. Faciə zamanı həlak olan insanların xatirəsi həmişə ehtiramla yad olunacaqdır.