Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Xəbərlər
23 Aprel , 2022

23 Aprel – dünya ədəbiyyatında simvolik tarixdir.

YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 aprel dünya şöhrətli dramaturqlar Vilyam Şekspir (1564-1616), Migel de Servantes (1547-1616) və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanın şərəfinə Beynəlxalq Kitab və Müəllif Hüquqları günü kimi qeyd edilir. Hər üç yazıçını onların ölüm günü - 23 aprel 1616-cı il tarixi birləşdirir. Bu tarix kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək, hər kəsi bəşəriyyətin məkan və zaman sərhədlərini aşaraq ideyaları paylaşmaq üçün ən gözəl ixtiradır. Alimlər kitab oxumağın vacibliyinin 5 ən zəruri səbəbini də aydınlaşdırıblar. Birincisi, kitab oxumaq bütün xəstəliklərin 60%-nin, həmçinin insult və ürək-damar xəstəliklərinin səbəbi olan stressi aradan qaldırır. Sözsüz ki, həyatımızı stresslərdən qorumaq bizim əlimizdə deyil. Lakin kitab oxumaq stressin insan orqanizminə neqativ təsirini azaldır. İkincisi, kitab oxumaq beynin koqnitiv funksiyanı və yaddaşı yaxşılaşdırır. Üçüncüsü, kitab oxumaq yuxunun keyfiyyətini artırır. Yəni yuxululuqla yuxusuzluq arasındakı keçidi yüngülləşdirir ki, bunu da smartfonlar haqqında demək olmaz. Dördüncüsü, kitab oxumaq sosial bacarıqları təkmilləşdirir. Mütaliəli insanlar yaxşı dərk edə və başqa insanların nə fikirləşdiklərini hiss edə bilirlər. Sonuncu və ən vacib səbəb isə odur ki, kitab oxumaq hər kəsin intellektual səviyyəsini artırır. Həftə ərzində 3,5 saatdan çox mütaliə ilə məşğul olan insanların erkən ölüm riski heç kitab oxumayanlara nisbətən 23% aşağı düşür.

Kitablara və müəlliflərə ehtiram məqsədi ilə təsis olunan Beynəlxalq Kitab və Müəllif Hüquqları günü həm də hamını, xüsusilə də gəncləri mütaliədən zövq almağa, bəşəriyyətin sosial və mədəni inkişafında əməyi olmuş sənətkarların əvəzsiz irsinə hörmətlə yanaşmağa çağırış günüdür.

Hər şeyin başlanğıcı insanın tükənməz təbii resurslarından irəli gələn yaradıcılığıdır, əqli fəaliyyətidir. Bu fəaliyyətin nəticələri obyektivləşərək, maddi daşıyıcıda əksini taparaq, yazıya, kitaba çevrilir. "Kitab", "Müəllif" və "Müəlliflik hüququ" anlayışları yaranan andan bir-biri ilə qırılmaz təmasda olub. "Yaradıcıdan, müəllifdən - əlyazmaya, kitaba", "əlyazmadan, kitabdan - müəlliflik hüququna" - bu üzvi əlaqələr bir tərəfdən tarixi ardıcıllığı, digər tərəfdən isə müəlliflik hüququnun yaradıcılıqdakı əhəmiyyətini göstərir. Bugünkü rəqəmli dünyanın köklü dəyişikliklərinə baxmayaraq, kitab öz əhəmiyyətini qoruyub saxlamışdır. Dahi Nizaminin "tükənməz mənəvi qida", Şekspirin "tacdan qiymətli", böyük Sabirin "ilk dostum", maarifçi-alim Zərdabinin "qiymətli dəfinə" adlandırdıqları kitab bilik mənbəyi olaraq qalmaqdadır. Dünya mədəniyyətinin inciləri sırasında Azərbaycanın "Kitabi-Dədə Qorqud"unu xüsusi qeyd etmək lazımdır. N.Tusi, Q.Təbrizi, Həbibulla Gəncəvi, Ə.Marağayi, Xaqani, M.Beyləqani, Məhsəti Gəncəvi, Nizami, Füzuli, Nəsimi və digər Azərbaycan alimləri və şairlərinin əlyazmaları orta əsrlərdən günümüzə qədər gəlib çatması məhz kitabların çap olunması sayəsində mümkün olmuşdur.

Hər bir yaradıcı insanın öz əsərinə müəllif hüququ vardır. Bu, vətəndaş hüququnun elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması və sonrakı fəaliyyəti ilə əlaqədar münasibətlərini tənzimləyən bir bölməsidir və müəllif hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalarla tənzimlənir.