Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Xəbərlər
1 Dekabr , 2022

Hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi  qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis edilmiş AİDS günü bu il Azərbaycanda artıq 34-cü ildir ki, keçirilir.

Bildiyimiz kimi, HİV infeksiyası pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir. 2007-ci ilin sonuna yer kürəsində HİV-lə yaşayan insanların sayı 33,2 milyon təşkil etmişdir ki, onlardan da 15,4 milyonu qadın, 2,5 milyonu uşaqdır.

Azərbaycanda da HİV/AİDS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycan vətəndaşları arasında təkcə 2009-cu ilin 11 ayı ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 63,3%-i, ümumilikdə isə, 1992-01.12.2009-cu il tarixinə olan dövrdə yoluxma hallarının 64,4%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.

Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülmüşdür. QİÇS-lə Mübarizə Mərkəzinin statistik məlumatına istinadən, onlardan 2138 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 448 nəfər, QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 274 nəfər olmuşdur.

Azərbaycan vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən bu günədək 2138 HİV-ə yoluxmuş insandan 634-ü (29,7%) Bakı şəhəri və Abşeron rayonunda, 1465-i (68,5%) respublikanın digər 54 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 39 nəfərin (1,8%) yaşayış yeri naməlumdur.

2138 nəfər Azərbaycan vətəndaşından 1376-da (64,4%) HİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 495-də (23,2%) heteroseksual, 16-da (0,7%) isə homoseksual kontakt nəticəsində, 20-də (0,9%) anadan uşağa keçməklə, 1-də (0,05%) donor qanının köçürülməsi nəticəsində baş vermişdir, 230 nəfərdə (10,8%) yoluxma yolu naməlumdur.Son statistik məlumata əsasən, Azərbaycanda araşdırmalar nəticəsində 780 ailədə HİV-ə yoluxma faktı qeydə alınmışdır. Onlardan 18 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 166 ailədə ər-arvad, 547 ailədə yalnız kişi, 48 ailədə isə yalnız qadın yoluxmuşdur.

Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, QİÇS vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 08.11.2006-cı il tarixdən etibarən HİV-lə yaşayan insanlara pulsuz qaydada həyata keçirilən antiretrovirus terapiyasına hazırda 310 nəfər cəlb olunmuşdur.

Əvvəlki illərdə olduğu kimi, mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilmiş, respublikada HİV infeksiyası QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.

QİÇS-in yeni xəstəlik olmasına baxmayaraq, sürətlə yayılmaqdadır. İlk dəfə 1981-ci ildə ABŞ-da aşkarlanan bu xəstəliyin hal-hazırda bütün ölkələrdə daşıyıcıları vardır. Bu xəstəlik HİV (Human İmmunodeficiency Virus) virusuna yoluxma nəticəsində yaranır və insan orqanizmində immun sistemini zəiflədərək tədricən sıradan çıxarır. Bunun  nəticəsində isə orqanizmin digər xəstəliklərə qarşı müqaviməti olmur və insan asanlıqla yoluxucu xəstəliklərin təsirinə məruz qalır. Hələlik, QİÇS xəstəliyinin müalicəsi olmadığına görə, insan həyatı üçün təhlükəli hesab edilir. Bu xəstəlik artıq bütün cəmiyyəti narahat edən sosial problemdir. Xəstəliyin coğrafiyası bütün ölkə ərazisini əhatə edir. Ən ciddi problem isə bu xəstəliyin azyaşlılar və qadınlar arasında yayılmasıdır. HİV infeksiyası, eyni zamanda, anadan öz övladına keçə bilər ki, bu, ana bətnində olarkən, doğuş zamanı, ya da əmizdirmə zamanı baş verir. Həmçinin, virus donor qanı vasitəsilə bir insandan digərinə keçə bilər. Düzgün müalicə aparılarsa, xəstənin ömrünü uzatmaq mümkündür. Bütün cəmiyyət HİV virusunun yayılma səbəblərinə qarşı birgə mübarizə aparmalıdır. Narkomaniyaya qarşı mübarizə, insanların qeyri-qanuni cinsi əlaqələrdən çəkindirilməsi və bu sahədə maarifləndirici təbliğatın aparılması QİÇS xəstəliyinin qarşısını almaqda böyük əhəmiyyət daşımaqdadır. Əgər qeyd edilən məsələlər öz həllin taparsa, QİÇS xəstəliyinə  80-90% daha az yoluxma qeydə alına bilər. HİV virusuna yoluxan insanlarda xəstəliyin əlamətləri müəyyən dövrdən sonra ortaya çıxdığı üçün bəzən xəstələr bilmədən öz ətrafındakı insanları, o cümlədən də, öz həyat yoldaşlarını HİV virusuna yoluxdururlar.

Bu, ümumbəşəri problem olduğundan, QİÇS-ə qarşı mübarizə də məhz belə mahiyyət daşımalıdır. Elə bu günlərdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə RAGT Birləşmiş Millətlər Təşkilatının İÇV/QİÇS üzrə Birgə Proqramı (UNAİDS) ilə birlikdə Smolensk vilayətində "İÇV/QİÇS-ə qarşı birlikdə" adlı aksiyasının keçirilməsi də məhz bu prinsipdən qaynaqlanmışdır.  Layihəyə Moskvada RAGT tərəfindən UNAİDS ilə birlikdə təşkil olunmuş İÇV/QİÇS-ə qarşı mübarizə məsələlərinə həsr edilmiş konfransda start verilmişdir.

Gənclər təşkilatının fəalları Smolensk şəhərindəki 27 nömrəli məktəbdə yuxarı sinif şagirdləri ilə görüş keçirmişdir. 100-dən çox məktəblinin iştirak etdiyi tədbirdə şagirdlərə mühazirələr oxunmuş, mövzuya aid elmi-kütləvi film nümayiş etdirilmişdir. Sağlam həyat tərzinin müxtəlif aspektləri barədə ətraflı söhbət açılmış, şagirdlərə Rusiyada millətin sağlamlığının qorunması sahəsində həyata keçirilən hökumət proqramları barədə məlumat verilmişdir. İÇV/QİÇS problemi, onun yayılma yolları və profilaktika metodları barədə məlumat da diqqətə çatdırılmışdır. Eyni zamanda, bu mövzuya həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.

Gənclər təşkilatının nümayəndələrinin səfəri çərçivəsində Smolensk köçürmə mərkəzində "Qanın milləti yoxdur" devizi ilə donor aksiyası da keçirilmişdir.

Belə mahiyyət daşıyan və ümumbəşəri problemlərin həllinə istiqamətlənən tədbirlərin keçirilməsində insan amili, onun cəmiyyət üçün yararlı, sağlam olması faktı dayanır. Bu tədbirlər yeniyetmələr üçün vacibdir. Onu da qeyd edək ki, görüşün təşkili üçün təşkilatçılara, RAGT sədri Leyla Əliyevaya təşəkkür məktubu ünvanlanmışdır.

HİV virusunun orqanizmə təsirini azaltmaq üçün müxtəlif dərmanlardan istifadə edilir. Eyni zamanda, xəstə düzgün qidalanmalı, vitaminlər və minerallar qəbul etməli, idman hərəkətləri və s. ilə orqanizmin müqavimətini artırmalıdır. Son illərdə xəstəlikdən ölənlərin sayında azalma müşahidə olunur ki, bu da aparılan müalicə tədbirlərinin nəticəsində baş verib. QİÇS yoluxucu və vahimə yaradan xəstəlik olduğundan, hər kəs sağlam həyatının təminatçısı olmalıdır.